İQTİSADİYYAT
Nadir texnologiyaya malik “Azəryem” zavodu “Agrihort Azerbaijan-2013” sərgisində maraqlı stendlə təmsil olunur
Bakı, 22 may (AZƏRTAC). “Agrihort Azerbaijan-2013” sərgisində iştirak etməkdə əsas məqsədimiz Azərbaycanın bütün guşələrindən, həmçinin xaricdən gələn fermer və sahibkarların mümkün qədər geniş auditoriyasını öz məhsulumuzla tanış etməkdir. Builki ekspozisiyanın miqyası bizə öz məqsədimizə nail olmaq imkanı yaradır.
AZƏRTAC xəbər verir ki, bunu VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisinin (“Agrihort Azerbaijan-2013”) iştirakçısı “Azəryem” zavodunun icraçı direktoru Sitarə Bayramova demişdir.
Bu sərgidə müntəzəm iştirak etdiklərini bildirən S.Bayramova məlumat vermişdir ki, Balakən şəhərində yerləşən “Azəryem” zavodu 2007-ci ildən fəaliyyət göstərir. Zavod ölkədə kommersiya təyinatlı yem qatqılarının ilk istehsalçısı və distribütorudur. “Azəryem” müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir və yem istehsalı üzrə nadir texnologiyaya malikdir. Müəssisənin məhsul çeşidinə mal-qara, habelə quşlar üçün 35 növdən çox ixtisaslaşdırılmış kompleks dənəvər yemlər daxildir. Bir çox yem nümunəsi müəssisənin sərgidəki informativ stendində əyani surətdə nümayiş olunur.
“Azəryem” zavodu heyvandarlıq və quşçuluq sahəsində fəaliyyət göstərən fermer və sahibkarları ən sərfəli qiymətlər əsasında yüksək keyfiyyətli kompleks yemlərlə təchiz etməklə məşğuldur. Müxtəlif yem növləri və ixtisaslaşdırılmış yemləmə proqramları süd və ət hasilatının, yumurta və quş əti istehsalının artırılmasına yönəldilmişdir.