REGİONLAR
Naftalana gələn turistlər yeni çəkilən yolla Qarabağa səfər edəcəklər
Naftalan, 26 aprel, AZƏRTAC
Vətən müharibəsindən sonra keçmiş təmas xəttinə yaxın bölgələrdən olan Naftalan şəhərində turizm və şəhər iqtisadiyyatının daha da inkişafı üçün böyük perspektivlər yaranıb. Belə ki, əsrarəngiz təbiətə malik Qarabağın işğaldan azad edilməsi, son illərdə müalicəvi turizmin inkişafında dünya şöhrəti qazanmış və Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalana gələn yerli və xarici turistlərin ekoturizm marşrutlarından da istifadəsinə şərait yaradıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Naftalandan Goranboy rayonunun Səfikürd kəndinə gedən 7 kilometr uzunluğunda yolun bərpasına başlanılıb.
Bu vaxta qədər yolun köhnə asfalt örtüyü qaşınıb. Hazırda yol yatağının hamarlanması və bərkidilməsi işləri görülür. Bu yol bərpa edildikdən sonra Naftalana gələn turistlər öz istirahətlərini şəhərə ən yaxın məsafədə yerləşən, dağların qoynunda sıx meşə və bulaqlarla zəngin Goranboy rayonunun səfalı Ağcakənd qəsəbəsində təşkil edə və təbiət gözəlliklərindən zövq ala biləcəklər.
Səfikürd kənd əhalisinin bir hissəsinin iş yeri Naftalan şəhərində olduğundan, yeni yolun inşası həm də sakinlərin gediş-gəlişini asanlaşdıracaq.
Yaxın vaxtda Talış yaşayış məntəqəsindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22,5 kilometr uzunluğunda yeni yolun inşası da planlaşdırılır. Bu avtomobil yollarının birləşdirilməsi ilə Naftalan şəhərindən həmin istiqamətdə hərəkət etmək mümkün olacaq. Beləliklə Naftalana gələn yerli və xarici turistlər işğaldan azad olunmuş torpaqlarımıza, cənnət Qarabağa səfər edə biləcəklər.