REGİONLAR
Naftalanda narkomanlığa qarşı mübarizə işinin təşkilinə dair tədbir keçirilib
Naftalan, 24 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Naftalanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası istiqamətində tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndələri, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və Naftalan şəhər təhsil şöbəsinin əməkdaşları, pedaqoji kollektivi iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının sədri, icra başçısının müavini Arzu Məmmədov çıxışında narkomaniyanın müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olduğunu söyləyib.
Digər çıxış edən natiqlər ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin keçirildiyini qeyd edərək, bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini vurğulayıblar. Çıxışlarda narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə məlumat verilib.
Sonra Heydər Əliyev Mərkəzində “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib. Treninqdə iştirak edən tədbir iştirakçılarına Dövlət Komissiyasının işçi qrupunun sertifikatları verilib.