MƏDƏNİYYƏT
“Nargis Book” növbəti buraxılışını Qarabağa həsr edib VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
“Nargis” nəşriyyat evi, Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Nargis Book” “Karabakh” adlı xüsusi buraxılışı ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, buraxılışın məqsədi Qarabağın Azərbaycan üçün əhəmiyyətini dünya ictimaiyyətinə çatdırmaq və bu bölgənin tarixi və zəngin mədəni irsindən bəhs etməkdir.
Nəşrdə yer alacaq materiallar üzərində görkəmli sənətşünaslar və tarixçilər işləyiblər. Onlar Qarabağın əsl tarixini sadə dil ilə təsvir edib, yalnız arxiv sənədləri və elmi nəşrlər əsasında xronologiyasını yaradıb, qərəzsiz şəkildə faktları təqdim edib və tarixi ədaləti bərpa ediblər.
“Nargis Book” buraxılışında dünya mədəniyyətinin nümayəndələri və ictimai xadimlərlə eksklüziv müsahibələr, azərbaycanlıların dünya mədəniyyətinə və elminə verdiyi töhfələrə dair məqalələr, Azıxantropların məskunlaşmasından başlayan Qarabağ bölgəsinin tarixi, eksklüziv fotosessiyalar və silsilə illüstrasiyalar, azad edilmiş Ağdam və Füzulidən reportajlar və bir çox digər maraqlı məqamlar öz yerini tapıb.
Materiallar arxiv fotoşəkilləri, o cümlədən Lumiere Brothers Fotoqrafiya Mərkəzinin kolleksiyasından Yakov Xalipin nadir fotoları ilə təsvir edilib. Nəşr əsasən ingilis dilində hazırlanıb, videonu seyr etməyə və Azərbaycan milli musiqisini dinləməyə imkan verən QR kodlarla tamamlanıb və eyni zamanda, Qarabağın yeddi rayonunun təsvirlərini və Azərbaycan əlifbasının təsvirli hərflərini əks etdirən açıqca silsiləsi ilə müşayiət olunur.
Yeni buraxılışın hər sayında bir açıqca yer alır, belə ki onların yeddisini toplayaraq Qarabağ sözünə tamaşa etmək imkanınız olacaq.
Layihənin təşəbbüskarı və ideoloji ilham pərisi “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovadır. Layihənin reallaşdırılması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azercell”, “Azərenerji”, Azərbaycan Avtomobil Yolları Agentliyi, “Paşa Holding”, Azərbaycan Banklar Assosiasiyası, “AzerGold”, Veysəloğlu Şirkətlər Qrupu, Bakı Nəqliyyat Agentliyi, “Nurgün Motors” və “Kontinent İnşaat” kimi tərəfdaşların dəstəyi ilə mümkün olub.
“Nargis Book” özündə beynəlxalq auditoriyaya multikultural və çoxmillətli Azərbaycan obrazını təqdim edir.
Xarici oxucularda Azərbaycan, azərbaycanlılar və Qarabağ konfliktinin mahiyyəti haqqında düzgün təsəvvür formalaşdırmaq və ölkənin imicini beynəlxalq səviyyədə təqdim etmək, Azərbaycanın fərqli dillərdə danışan, müxtəlif millətlərin və dini etiqadlara malik insanların dostluq şəraitində yaşadığı və sülhsevər bir ölkə olduğunu aşılamaq məqsədilə bu nəşr, Rusiya, Ukrayna, İngiltərə, Türkiyə daxil olmaqla Avropa ölkələrində və ABŞ-da paylanacaq.