CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 14 noyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıqaya kənd sakini M.Şükürovun evinin həyətindən 4 kiloqram 785 qram, Məlikli kənd sakini S.Qədirovun evindən isə 481qramdan çox marixuana aşkarlanaraq götürülüb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yevlax rayon sakinləri M.Məmmədov və əvvəllər soyğunçuluğa görə məhkum olunmuş R.Şükürov Nəsimi rayonu ərazisində saxlanılıblar.
Şəxsi axtarış zamanı R.Şükürovdan 52 qrama yaxın tiryək, M.Məmmədovdan isə 47 qramdan artıq heroin, 96 qramdan çox metamfetamin, 52 qramdan çox tiryək və 19 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.