Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təşkil edilmiş təlim uğurla başa çatıb


Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 18-dən 20-dək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri və aktual problemləri” mövzusu üzrə təlim keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktuallığı və praktiki əhəmiyyəti nəzərə alınaraq, distant formada və canlı vaxt rejimində keçirilən təlimdə daxili işlər, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşları dinləyici qismində iştirak ediblər.
Tədbirə təlimçi qismində Baş Prokurorluğun, habelə Daxili İşlər Nazirliyinin peşəkar əməkdaşları cəlb edilib.
Kurs çərçivəsində dinləyicilərə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı”, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsi üzrə əməliyyat-axtarış fəaliyyəti gedişində əldə edilmiş dəlillərdən sübut kimi istifadə etmənin mümkünlüyü meyarları” və sair mövzular üzrə məşğələlər tədris edilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində təlim-tədris tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.