CƏMİYYƏT
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub
Bakı, 14 oktyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini N. İbişovun yaşadığı evdən 131 qramdan artıq marixuana, 12 qrama yaxın heroin, 18 qramda çox tiryək və 8 ədəd tramadol həbi aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.