İDMAN
Natiq İsmayılov: Azərbaycan Premyer Liqasının səviyyəsi kifayət qədər yüksəkdir
Bakı, 11 iyul, AZƏRTAC
“Zirə” futbol klubu yeni mövsümün hazırlığına start verib. Komanda iyunun 22-dən Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında bir araya gəlib və iyulun 19-dək Bakıda hazırlıq keçəcək. Həmin gün Türkiyəyə yollanacaq futbolçularımız iyulun 31-dək qonşu ölkədə təlim-məşq toplanışında iştirak edəcəklər. Komanda Türkiyədə dörd yoxlama oyununda gücünü sınayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Zirə” futbol klubunun prezidenti Natiq İsmayılov deyib.
Bildirib ki, hazırda məşqçilər korpusu tərəfindən lazım olan mövqelərdə futbolçu axtarışı davam edir. Məşqçilər hər hansı futbolçunu bəyənərsə və büdcəmizə uyğun olarsa, biz də klub olaraq danışıqlara başlayacağıq. “Zirə” yeni komandadır və cəmi üç ildir Premyer Liqada çıxış edir. Ötən mövsüm komandanın avrokuboklara vəsiqə qazana bilməməsinə təcrübəmiz çatmadı. Buna səbəb kimi bir çox amili göstərmək olar. Həm bəxtsizlik özünü göstərdi, həm zədələrin sayı çox oldu, həm də klubumuza qarşı hakim səhvlərini qeyd etmək lazımdır. Etiraf etməliyəm ki, uğursuz zolağa düşdük. On bir oyunda qələbə qazana bilmədik. Yaxşı tərəf o oldu ki, 11 oyundan sonra komanda toparlana bildi. Qələbəsizlik seriyasından sonra 3 oyunda qalib gəldik.
“Uşaq futbolu bizim üçün çox önəmli bir sahədir və akademiyaya imkanlarımız daxilində böyük diqqət ayırırıq. Akademiyada 10 yaş kateqoriyasında komanda fəaliyyət göstərir. Komanda bütün yaş qruplarında təşkil olunan yarışlarda çıxış edir. Akademiyada işlər normal gedir. Akademiya gənc olmasına baxmayaraq, bütün yaş qruplarında milli komandalara futbolçu veririk. Düşünürəm bu, bu, akademiyanın düzgün yolda olmasının nümunəsidir”, - deyə N.İsmayılov qeyd edib.
Ötən mövsüm Təbrizin “Traktorsazi” komandası ilə əməkdaşlıq etdiklərini bildirən Natiq İsmayılov mütəmadi olaraq digər klublarla da danışıqların aparıldığını diqqətə çatdıraraq deyib: “Akademiyanın futbolçularının həmin klubların düşərgəsinə göndərilməsi və onların bizim bazaya gəlməsi nəzərdə tutulub. Hazırda konkret klub yoxdur. Ancaq bu iş üzərində çalışırıq. Akademiyanın rəhbəri Adil Şükürov həmişə bu işlə məşğul olur”.
Azərbaycan çempionatında aşkar autsayderin olmadığını vurğulayan klub rəsmisi bildirib ki, komandalar bir-biri ilə layiqli mübarizə aparırlar. Oyunlar çox çətin keçir. Elə bir komanda yoxdur ki, 4 oyunun hamısında qalib gəlsin. Azərbaycan Premyer Liqasının səviyyəsi kifayət qədər yüksəkdir. Rəqiblərimiz çox güclüdür. Sadəcə, klubların sayı və regionlarda komandalar çox olsa, mübarizə daha maraqlı keçər.
“Ölkəmizdə idmanın inkişafı göz qabağındadır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə bu sahəyə böyük diqqət ayırıb. İdmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırır və himnimizi səsləndirirlər. Bunlar sevindirici haldır. Növbəti mövsüm üçün komandanın qarşısına ölkə çempionatında hansı yeri qazanması barədə tələb qoymamışıq. Biz çalışırıq ki, döyüşkən kollektiv yaradaq, güclü komanda formalaşdıraq və bacardığımız qədər irəli gedək. Hər oyuna qələbə üçün çıxırıq və bu, həmişə belə olub. Bundan sonra da bu prinsiplə davam edəcəyik”, - deyə klub prezidenti vurğulayıb.