REGİONLAR
Naxçıvan Dövlət Universitetində Lütfi Zadənin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib
Naxçıvan, 23 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) dünya şöhrətli azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin xatirəsinə həsr olunmuş bilik yarışı keçirilib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək Lütfi Zadənin şərəfli ömür yolundan, dünya elminə əvəzsiz töhfələrindən, elmi nəzəriyyələrinin tətbiqindən və inkişafından danışıb.
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rövşən Həsənov “Qeyri-səlis çoxluq və qeyri-səlis məntiq nəzəriyyəsi” mövzusunda çıxış edib. Çıxışda alimin elmi tədqiqatlarından, əldə etdiyi uğurlu nəticələrdən bəhs olunub.
Tədbirdə Lütfi Zadənin həyat və yaradıcılığı ilə bağlı videoçarx, eləcə də universitet tələbələrinin alimlə bağlı hazırladıqları sorğu təqdim edilib.
Sonra viktorinaya start verilib. Viktorinada fizika-riyaziyyat fakültəsinin tələbələri iştirak ediblər. Bir turdan ibarət bilik yarışında tələbələrə riyaziyyat, fizika və informatika fənlərindən üç mövzu və mövzulara aid 5 sual təqdim olunub. Viktorinanın nəticələrinə əsasən riyaziyyat və informatika müəllimliyi ixtisasının III kurs tələbələri I, riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbələri II, həmin ixtisas üzrə III kurs tələbələri isə III yerlərə layiq görülüblər.