REGİONLAR
Naxçıvan Dövlət Universitetində magistratura təhsilinin inkişafı üçün hərtərəfli şərait yaradılıb
Naxçıvan, 25 may, AZƏRTAC
1997-ci ildən 2 ixtisas üzrə 7 nəfərə magistr təhsili verməyə başlayan Naxçıvan Dövlət Universitetində (NDU) hazırda I və II kurslar üzrə 40 istiqamət, 59 ixtisaslaşma üzrə 325 magistr təhsil alır. Bu günədək 1730 nəfər magistr dərəcəsi alıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar universitetdə keçirilən magistrantların XI regional elmi konfransında səsləndirilib.
Tədbirdə çıxış edən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov vurğulayıb ki, son illər universitetdə magistratura təhsilinin inkişafı üçün hərtərəfli şərait yaradılıb, möhkəm maddi-texniki baza formalaşdırılıb.
Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov dissertasiyaların yazılması üçün ilk olaraq məsələnin qoyuluşu, işin aktuallığı və məqsədi, əhəmiyyəti haqqında danışıb. Elmi katib dissertasiyalarda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilməsinin önəmini qeyd edib.
Universitetin magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov bildirib ki, magistrantlar yaradılan hərtərəfli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən 14 ali məktəbin 43 bakalavrının məhz NDU-nu seçməsi yaradılan şəraitin nəticəsidir.
Konfransda universitetin dövlət hüququ ixtisası üzrə I kurs magistrantı Nərmin Adıgözəlzadənin çıxışı dinlənilib. Bu ixtisas üzrə II kurs magistrantı Əziz Qasımova “İlin magistrantı” diplomu təqdim olunub.
Konfrans bölmə iclasları ilə davam edib.