REGİONLAR
Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar keçirilib
Naxçıvan, 2 iyun, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutunun Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə əməkdaşlığı bu ixtisasda oxuyan tələbələr üçün geniş imkanlar açır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn seminarda bu barədə ətraflı danışılıb.
Onlayn seminarda çıxış edən institutun rektoru Azad Novruzov seminarın Təsviri incəsənət müəllimliyi ixtisası tələbələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan Müəllimlər İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisasında oxuyan tələbələrin aktiv fəaliyyətindən, istedadlı tələbələrin sərgilərinin təşkilindən, ustad dərslərin keçirilməsindən, Gənc Rəssamlar Birliyinin yaradılmasında Naxçıvan Müəllimlər İnstitutunun rəssam tələbələrinin rolundan ətraflı söz açıb.
Rəssamlar Birliyinin sədri hami təşkilat olaraq tələbələrin peşəkarlıqlarının artırılmasında hər zaman olduğu kimi bundan sonra da böyük maraq və həvəslə çalışacaqlarını vurğulayıb.
Onlayn seminar Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin sualları ilə diskussiya şəraitində davam edib.