REGİONLAR
Naxçıvan: YAP ərazi ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağı keçirilib
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının birgə hesabat-seçki yığıncağında həmin təşkilatların birləşdirilməsi məsələsi müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açıq elan edən muxtar respublikanın nəqliyyat nazirinin müavini Əli Hüseynəliyev yığıncağın gündəliyində duran məsələlər barədə məlumat verib. Bildirib ki, yığıncaqda YAP Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının hesabatı dinləniləcək, həmin təşkilatların birləşdirilməsi məsələsi müzakirə olunacaq, YAP Naxçıvan Şəhər Təşkilatının XI konfransına nümayəndələr seçiləcəkdir.
Hesabat-seçki yığıncağının gündəliyi yekdilliklə qəbul olunub.
Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatının hesabatı və qarşıda duran vəzifələr barədə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Natiq Həsənov bildirib ki, təşkilatda 35 nəfər partiya üzvü qeydiyyatdadır. Ötən hesabat-seçki yığıncağından keçən dövr ərzində 9 nəfər bitərəf partiya üzvlüyünə qəbul edilib ki, onların da əksəriyyəti gənclərdir. İlk partiya təşkilatının yığıncaqları vaxtlı-vaxtında keçirilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirələrdə qarşıya qoyulan vəzifələrin icrası müzakirə olunub.
“Naxçıvan Dəmir Yolları” MMC ərazi ilk partiya təşkilatının sədri Musa Əliyev çıxışında deyib ki, öz ətrafında 118 dəmiryolçunu birləşdirən təşkilatın üzvləri ötən müddət ərzində siyasi proseslərdə fəal iştirak etməyə çalışıblar. Aparılan təbliğat-təşviqat, ideya-siyasi işlərin nəticəsində partiya sıralarına 17 nəfər gənc üzv qəbul edilib. Sıralarımızda olan Yeni Azərbaycan Partiyası fəalları muxtar respublikada keçirilən bütün seçkilərdə və ümumxalq səsverməsində (referendumda) iştirak ediblər, fəallardan bir neçəsi seçki məntəqəsinin sədri və üzvləri kimi fəaliyyət göstərib.
Hesabatlar qənaətbəxş hesab olunub.
Gündəlikdə duran digər məsələ barədə danışan YAP Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev Nəqliyyat Nazirliyi və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisədənkənar ərazi ilk partiya təşkilatlarının birləşdirilməsinin əhəmiyyətini qeyd edib. Təklif yekdilliklə qəbul edilib və yeni yaranmış təşkilat YAP Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatı adlandırılıb.
Müəssisədənkənar ərazi ilk partiya təşkilatının yeni idarə heyətinin üzvləri, sədri və sədr müavinləri seçilib.
YAP Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi müəssisədənkənar ərazi ilk partiya təşkilatının yeni sədri Natiq Həsənov qarşıya qoyulan vəzifələri məsuliyyətlə icra edəcəyini bildirib.
Sonra səsvermə yolu ilə YAP Naxçıvan Şəhər Təşkilatının XI konfransına ərazi ilk partiya təşkilatından 7 nəfər nümayəndə seçilib.