REGİONLAR
Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara 64 müəssisədən 694 boş iş yeri təqdim edilib
Naxçıvan, 22 avqust, AZƏRTAC
Naxçıvan şəhərində növbəti əmək yarmarkası təşkil olunub. Yarmarkada işaxtaranlara, ümumilikdə, 64 müəssisədən 694 boş iş yeri təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 43 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 15 nəfərin peşə kurslarına, 4 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə haqqıödənilən ictimai işlərə cəlb edilməsi üçün qeydiyyatı aparılıb. Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında sosial könüllülərin də iştirakı təmin edilib. Tədbirdə könüllülər vətəndaşlara boş iş yerləri ilə bağlı zəruri informasiyaların verilməsində məşğulluq orqanları əməkdaşlarına köməklik göstəriblər.
Qeyd edək ki, bu ay keçirilən yarmarkalarda, ümumilikdə, 212 müəssisədən vakansiyaya çıxarılmış iş yerlərinə 223 göndəriş verilib. Bununla yanaşı, 39 nəfər peşə kurslarına, 53 nəfər özünüməşğulluq proqramına, 25 nəfər isə haqqıödənilən ictimai işlərə cəlb edilmək məqsədilə qeydiyyata alınıb.