REGİONLAR
Naxçıvanda 4200-dən çox şəxsə məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib
Naxçıvan, 23 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən cari ilin 6 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən sığortaolunanlara məcburi dövlət sosial sığortası üzrə ödəmələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublika üzrə 4224 nəfər sığortaolunana fondun yerli orqanları tərəfindən məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan 336 nəfər sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, 586-na hamiləliyə və doğuma, 1909-na uşağın anadan olmasına, 1354 nəfər sığortaolunana isə uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət ödənilib. Eyni zamanda, vəfat etmiş 39 nəfər sığortaolunanı dəfn etməyi öhdəsinə götürən şəxsə dəfn üçün müavinət verilib.
Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş haqq-hesab cədvəllərindəki bank rekvizitlərinə uyğun olaraq “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti ilə, eləcə də muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri vasitəsilə ünvanlarında ödənilib.