REGİONLAR
Naxçıvanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirlər başa çatıb
Naxçıvan, 1 iyun, AZƏRTAC
Muxtar respublikada 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbir maraqla qarşılanıb.
Tədbirdə təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara cansağlığı, firavan həyat arzulayıblar. Qeyd olunub ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsilinin, reabilitasiyasının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
Mərkəzin baş həkimi Rəsmiyyə Xasıyeva göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra sağlamlıq imkanları məhdud 18 uşağa bayram münasibətilə hədiyyələr verilib. Tədbirin bədii hissəsində Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında bir-birindən maraqlı tamaşalar nümayiş olunub.
X X X
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində tədbir keçirilib.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, təhsil nazirinin müavini Heyran Əhmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri Əziz Hümbətov çıxış edərək muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan söz açıb, uşaqları bayram münasibətilə təbrik ediblər.
Sonra valideyn himayəsindən məhrum olan 6 uşağa bayram hədiyyələri verilib.
Uşaqlardan Ural Əmirov onlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
X X X
Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 110 uşağın iştirakı ilə tədbir təşkil edilib.
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında nümayiş etdirilən “Qızıl xoruz” tamaşası uşaqların alqışları ilə qarşılanıb.