Naxçıvanda hərbi hissə, tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib
AzerTAg.az
Naxçıvan, 7 dekabr, AZƏRTAC
“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən hərbi hissə, tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nümayiş məşğələlərinə daha çox yer verildiyi toplantıda bölmələrlə müdafiə və hücum mövzusunda taktiki-sıra məşğələlərinin təşkili, hazırlanması və keçirilməsi metodikası göstərilib.
Taktiki-xüsusi hazırlıqdan pilotsuz uçuş aparatlarına qarşı mübarizə və hava hücumundan müdafiə üzrə döyüş atışlı nümayiş-məşğələ keçirilib.
Bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən nümayiş-məşğələdə şəxsi heyətin gün ərzində yerinə yetirdiyi tapşırıqlar və icra etdiyi fəaliyyətlər nümayiş olunub. Şəxsi heyətin sağlamlığı və qidalanmasına nəzarət, sıra baxışı, fiziki və sıra hazırlığının, ictimai-siyasi və hüquqi maarifləndirmənin keçirilməsi, qarovul və sutkalıq naryadın hazırlanması, vətəndaşların qəbulu və “Günün nizam qaydaları”na uyğun digər tədbirlər nümayiş-məşğələdə öz əksini tapıb.
Dörd gün davam edən toplantıda əsas məqsəd zabitlərin bölmələri idarəetməsi üzrə komandir keyfiyyətlərinin təkmilləşdirilməsi, məşq, məşğələ və təlimlərin təşkili və keçirilməsi üzrə hazırlıqlarının yoxlanılması olub.




Xəbərin mətnində orfoqrafik səhv var