REGİONLAR
Naxçıvanda kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması istiqamətində 70 layihə üzrə işlər başa çatdırılıb
Naxçıvan, 4 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” icrası istiqamətində görülən işlər uğurlu nəticələrə yol açır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Dövlət Proqramının icrası cari ilin birinci yarısında da diqqətdə saxlanılıb, kənd təsərrüfatı məhsulları istehsalı üzrə 63 layihənin maliyyələşdirilməsinə, ümumilikdə, 1 milyon 96 min 800 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Birinci yarım ildə 31 heyvandarlıq, 2 quşçuluq, 4 arıçılıq təsərrüfatının yaradılması, 13 heyvandarlıq, 3 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 11 heyvandarlıq, 1 quşçuluq, 4 arıçılıq təsərrüfatının yaradılması, 11 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksinin və 1 quşçuluq təsərrüfatının yenidən qurulması davam etdirilib.
Bütövlükdə, kənd təsərrüfatına əsaslanan istehsal sahələrinin yaradılması istiqamətində 70 layihə üzrə işlər başa çatdırılıb, 41 layihə üzrə işlər davam etdirilib. Yanvar-iyun aylarında muxtar respublikada 152 milyon 756 min 100 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da bir il öncəyə nisbətən 3,7 faiz çoxdur.