REGİONLAR
Naxçıvanda məhkumlar üçün peşə kursları təşkil olunub
Naxçıvan, 6 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların yenidən cəmiyyətə uyğunlaşması istiqamətində ardıcıl tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, ötən ilin fevral ayından istifadəyə verilən yaradıcılıq və istehsalat binasında istehsalat prosesi ilə yanaşı, Naxçıvan Regional Peşə Tədris Mərkəzinin müəllimlərinin iştirakı ilə kompüter istifadəçisi, qazanxana maşinisti, ağac üzərində oyma və bərbər peşə kursları da təşkil olunub. İndiyədək kurslarda 34 məhkum bu peşələrin sirlərini öyrənib. Bu da məhbusların həbsxanadan sonrakı gələcək həyatlarında mühüm əhəmiyyət daşıyır.
Məhbuslar emalatxanada oyma işləri görür, nərd taxtaları ilə yanaşı sandıqlar, müxtəlif ölçülü məişət əşyaları hazırlayırlar. Sifarişlər üzərində işləyən məhbuslar artıq böyük ölçülü məişət əşyaları, stol və stullar da düzəltməyə başlayıblar.
Məhkum Elmar Fətəliyev deyir ki, istehsalat sahəsi istifadəyə verilməmişdən qabaq burada vaxt çətin keçirdi: “İndi ağac üzərində oyma işi, həm də müxtəlif ölçülü məişət əşyaları düzəltməklə məşğul oluram. Vaxt haradan gəlib-gedir, hiss etmirəm. Ən əsası isə sənət öyrənirəm, həm də qazancımla ailəmə dəstək oluram”.
Digər məhkum Vüsal Qasımov isə bir ildir ki, duzdan müxtəlif fiqurlar düzəldir. Onun əl işlərinin əsasını muxtar respublikadakı tarixi abidələr təşkil edir. Vüsal Qasımov da yaradılan şəraitdən razılığını bildirir.
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində və Naxçıvan şəhərində məhkumların əl işlərindən ibarət mağaza da fəaliyyət göstərir. Bu mağazalarda əl işlərinin satışı ilə yanaşı, sifarişlər də qəbul olunur. Həmin mağazalardan vətəndaşlar istədikləri ölçüdə məişət və digər əşyaların sifarişlərini verə bilərlər.
Məhkumların bu peşələri öyrənməsi məhkumluq müddəti başa çatdıqdan sonra onların cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayacaq. Çünki onların içərisində elə gənclər var ki, ilk peşələrini məhz burada öyrənirlər.