REGİONLAR
Naxçıvanda məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili diqqət mərkəzindədir
Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvan Müəllimlər İnstitutunda ali təhsil ocağının professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi əməkdaşlarının və ümumtəhsil məktəblərinin psixoloqlarının iştirakı ilə keçirilən “Məktəbdə psixoloji xidmətin müasir tələblər baxımından təşkili” adlı elmi-praktik konfransda mövzu ilə bağlı elmi məruzələr dinlənilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ali təhsil ocağında müvafiq sahələr üzrə əldə edilən nailiyyətlərdən bəhs edib. Bildirib ki, institutda 15 bakalavriat, 5 magistratura və 5 doktorantura ixtisaslarında kadr hazırlığı ilə yanaşı, diplomdan sonrakı təhsilin həyata keçirilməsi işi də aparılır. Müəllimlərin ilkin hazırlığı, ixtisasartırma və təkmilləşdirilməsi prosesləri bir-biri ilə əlaqəli, kompleks şəkildə həyata keçirilir.
Diqqətə çatdırılıb ki, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılmasıdır. Məktəb psixoloqlarının işinin təkmilləşdirilməsinə yönəlmiş bu konfrans da məktəb psixoloqlarının işinin qurulmasına müasir baxışı özündə ehtiva edir.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili, ümumtəhsil məktəblərinin ixtisaslı psixoloq kadrlar ilə təmin olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, hazırda ümumtəhsil müəssisələrində 200-ə yaxın psixoloq fəaliyyət göstərir. Onun da 46-sı müsabiqə yolu ilə işə qəbul olunub. Psixoloq vəzifələrini tutanların əksəriyyəti uzun illərin təcrübəsinə malik olan müəllimlərdir ki, onların da Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilən psixoloq kurslarına cəlbi diqqətdə saxlanılıb.
Təhsil naziri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli Qərarı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” haqqında geniş məlumat verib.
Sonra institutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyevin, Pedaqogika və psixologiya kafedrasının müəllimi, dosent Salatın Hacıyevanın məruzələri dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.