REGİONLAR


Naxçıvanda şagirdlər muzeylərə 225 yeni eksponat hədiyyə ediblər

Naxçıvan, 18 may, AZƏRTAC

Muxtar respublikanın ümumtəhsil müəssisələrində “Tariximizi qoruyaq və yaşadaq” devizi altında keçirilmiş aksiya çərçivəsində toplanan 225 yeni eksponat Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək, mədəniyyət müəssisələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Bildirib ki, muxtar respublikanın muzeylərində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq qorunub saxlanılır. Təkcə ötən il muzeylərə 2 min 863, bu ilin 4 ayında isə 617 yeni eksponat daxil olub. Bu prosesdə muzeylərin əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri, o cümlədən ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri də yaxından iştirak edirlər. Həsən Kərimov şagirdlərin muzeylərə yeni eksponatlar hədiyyə etməsini zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət etdiyini vurğulayıb.

Təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunduğunu diqqətə çatdıran muxtar respublikanın təhsil nazirinin müavini Heyran Əhmədova qeyd edib ki, tariximizin öyrənilməsi ilə bağlı müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 2019-cu ildən ümumtəhsil məktəblərində keçirilən “Tariximizi qoruyaq və yaşadaq” devizi altında aksiyadır. Məqsəd tariximizin öyrənilməsi ilə yanaşı, onun qorunması və yaşadılması istiqamətində müəllim və şagirdləri fəal iştirakçıya çevirməkdir. Bu il də davam etdirilən aksiya çərçivəsində müəllim və şagirdlərimiz tərəfindən qədim maddi mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan 225 eksponat - toxuculuq məmulatları, məişət əşyaları, təsərrüfat alətləri, daş əmək alətləri, pul nümunələri və digər məmulatlar toplanaraq bir araya gətirilib.

Tədbirdə Şərur rayon Kosacan kənd tam orta məktəbinin müəllimi Təhminə Şəfiyeva və Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Səadət Tarverdiyeva çıxış edərək aksiyanın əhəmiyyətindən danışıb, belə aksiyaların onlarda böyük maraq doğurduğunu, asudə vaxtlarında eksponatların toplanmasında həvəslə iştirak etdiklərini bildiriblər.

Aksiyada fəal iştirak edən müəllim və şagirdlərə təşəkkürnamələr verilib.

Sonra toplanmış eksponatlardan ibarət sərgiyə baxış olub. Qədim maddi-mədəniyyət nümunələri, o cümlədən şəxsi kolleksiyalarda toplanmış tarixi və bədii əhəmiyyət daşıyan maddi-mədəniyyət nümunələri Mədəniyyət Nazirliyinə hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.