REGİONLAR
Naxçıvanda tələbələr arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib
Naxçıvan, 13 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında keçirilən “Xəmsə” milli intellektual oyununun qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, oyun 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olub. Yekun nəticəyə əsasən, 12 komandanın mübarizə apardığı oyunda Naxçıvan Dövlət Universitetinin (NDU) “Diplomat” komandası daha çox xal toplayaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası ikinci, NDU-nun “Qisas” komandası üçüncü olub.
Qeyd edək ki, intellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
X X X
Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar keçirilən tələbələr arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyinə də yekun vurulub. Altı komandanın 18 idmançısının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Oğlanlar arasında Kubilay Kumlay (NDU) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Digər iki pillədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mətin Bağırov və NDU-nun tələbəsi Caner Atacan qərarlaşıblar.
Qızlar arasında isə NDU-nun tələbəsi Xurşud Mahmudova hamıdan güclü olub. Bu universitetin digər tələbəsi Nərminə Məmmədova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Nərmin Mustafazadə ikinci və üçüncü yerlə kifayətləniblər.