Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Qurtuluş Günü qeyd edilib
AzerTAg.az

Bakı, 12 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək gündən-günə çiçəklənən, müasirləşən, böyük tarixi inkişaf yolunda olan Azərbaycanın hər yerində Milli Qurtuluş Gününün 22-ci ildönümünün mühüm bayram təntənəsi ilə qeyd edildiyini bildirib. O deyib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan torpaqlarının davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial vəziyyəti ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. 1993-cü ildə “olum, ya ölüm” ayırıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən, Ulu Öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan Bəxtiyar Əsgərov bu gün Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.
Böyük Heydər Əliyevin tarixi qayıdışı və milli dövlətçiliyimizin xilası zamanı baş vermiş prosesləri vurğulayan Bəxtiyar Əsgərov, eyni zamanda, Prezident İlham Əliyevlə birgə bu günə qədərki milli dövlət və inkişaf strategiyasının həyata keçirilməsində əsl vətəndaş, Azərbaycanın dövlət xadimi, Yeni Azərbaycan Partiyasının qurucularından biri, ictimai–siyasi xadim və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, nəinki çoxşaxəli zəhməti olan, bu yolda nümunə sayılan sədaqət məktəbi yaratmış və bu məktəbə rəhbərlik etməkdə olan şəxsiyyətin - Vasif Talıbovun xidmətlərini də xüsusi qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var