REGİONLAR


Naxçıvanlı tələbələr Türkiyədəki təcrübələrini uğurla başa vurublar

Naxçıvan, 19 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) tibb fakültəsinin tələbələri Türkiyənin müxtəlif universitetləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qardaş ölkənin ali məktəblərində yay istehsalat təcrübəsi keçiblər.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Türkiyənin Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım, Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarındakı təcrübədə ümumilikdə 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. NDU-nun tələbələri cərrahiyyə, pediatriya, təcili tibbi yardım, ginekologiya və terapiya şöbələrində qrafik üzrə praktik məşğələlərdə, xəstələrin müayinə və müalicələrində iştirak ediblər. Universitetin oftalmologiya, qulaq-burun-boğaz, dermatologiya ixtisasları üzrə rezident-həkimləri müayinə və müalicə proseslərində öz bilik və bacarıqlarını artırıblar. Tələbələr, həmçinin türkiyəli həkimlərin mühazirələrini dinləyiblər. Rezidentlər isə kardiologiya ixtisası üzrə sərbəst xəstə müayinəsi aparıblar.

Naxçıvan Dövlət Universitetinin Qaradəniz Texniki Universiteti ilə bağladığı müqaviləyə əsasən, tələbələr bu il ilk dəfə Trabzon şəhərində də təcrübə kursu keçiblər. Universitetlərarası razılaşmaya əsasən, həmin universitetin tibb, əczaçılıq və stomatologiya fakültələrinin professor-müəllim heyəti növbəti tədris ilində NDU-da dərs deyəcək.

Tələbələr təcrübə dövründə müxtəlif şəhərlərin mədəniyyət mərkəzləri və tarixi abidələri ilə tanış olmaq imkanı da əldə ediblər. Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələr Ərzincan valisi və Ərzincanın Sağlıq Müdiri ilə görüşüblər.

Qeyd edək ki, NDU-da baytarlıq ixtisası üzrə təhsil alan tələbələr hazırda Qars Qafqaz Universitetində təcrübə keçirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.