İQTİSADİYYAT
Nazir: Blokçeyn texnologiyaları sahəsi ölkəmizdə daha geniş araşdırılmalıdır
Bakı, 13 dekabr, Elvin Camalov, AZƏRTAC
Blokçeyn texnologiyaları sahəsi ölkəmizdə daha geniş araşdırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Birinci Sahibkarlıq Blokçeyn Platforması"nın açılış mərasimində deyib.
O bildirib ki, bu gün Azərbaycanda İKT sahəsində ən proqressiv texnologiyaların tətbiqinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkədə iqtisadiyyatın innovativ inkişafı üçün ciddi addımlar atılır. Texnoparklar, biznes inkubatorları yaradılır, startap fəaliyyəti ildən ilə genişləndirilir. Bu prosesdə texnologiyalar, o cümlədən informasiya texnologiyaları sahəsi mühüm rol oynayır.
Nazir qeyd edib ki, təcrübə innovativ layihələrin böyük əksəriyyətinin məhz informasiya texnologiyalarının tətbiqi ilə yaradıldığını göstərir. Müasir dövrdə İKT müxtəlif istiqamətlərdə inkişaf edir. Bu istiqamətlərə blokçeyn, bulud texnologiyaları, süni intellekt və digərləri daxildir. Son zamanlar blokçeyn texnologiyaları qlobal fenomenə çevrilib. Bu texnologiyaların tətbiqi ilə bağlı yeni mexanizmlər formalaşdırılır. Dünyanın bir neçə ölkəsində artıq banklararası əməliyyatların blokçeyn üzərindən aparılması istiqamətində pilot layihələr həyata keçirilir.
"Bu gün blokçeyn texnologiyalarından təkcə rəqəmsal pul vahidlərində deyil, sistem reyestrləri, IT proqramları, məlumatların emalı, elektron imza kimi sahələrdə də istifadə olunur. Hesab edirik ki, bu sahə ölkəmizdə də geniş şəkildə araşdırılmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi blokçeyn texnologiyaları, onların tətbiqi və inkişaf etdirilməsi ilə bağlı digər qurumları yaxından əməkdaşlıq etməyə çağırır", - deyə R.Quluzadə vurğulayıb.