İQTİSADİYYAT
Nazir: Ermənistanın Dağlıq Qarabağ və ətraf bölgələri işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir
Bakı, 12 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə nazir Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüşündə deyib.
Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, uğurlar arzulayıb. M.Cabbarov Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndiyini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat-logistika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, rəqəmsal iqtisadiyyat, dövlət-özəl tərəfdaşlığı və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.
İqtisadiyyat naziri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.
Səfir C.Vada ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, iqtisadi əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə hüquq-müqavilə bazasının genişləndirilməsi, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri, investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.