İQTİSADİYYAT
“Neft Daşları” NQÇİ son illərin ən yüksək hasilat göstəricisinə nail olub
Bakı, 29 sentyabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi cari ilin sentyabr ayından etibarən son illərin ən yüksək hasilat göstəricisinə nail olub.
Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.
Məlumata görə, NQÇİ-də 2010-cu ildə gündəlik neft hasilatı 2478 ton, 2011-ci ildə 2537 ton, 2012-ci ildə 2539 ton, 2013-cü ildə 2526 ton, 2014-cü ildə 2575 ton, 2015-ci ildə isə 2579 ton təşkil edib.
Cari il sentyabrın sonlarından etibarən sutkalıq neft hasilatı 2800 tona çatdırılıb. 2010-cu ildə illik neft hasilatı 600 min 443 ton olduğu halda, 2016-cı ilin 8 ayında bu göstərici 657 min 721 ton təşkil edib. Hasilatın artmasına təsir etmiş başlıca amillərdən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub.
Belə ki, 2011-ci ildə qazmadan 17 quyu, 2012-ci ildə 9 quyu, 2013-cü ildə 10 quyu, 2014-cü ildə 18 quyu və 2015-ci ildə 18 quyu istismara daxil edilibsə, təkcə bu ilin 8 ayında 14 quyu qazılaraq mədənçilərə təhvil verilib, onlardan 23009 ton neft alınıb.
İdarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər də hasilatın artımına təsir edərək, müsbət nəticələr alınıb.
Bildirilib ki, idarədə yeni texnika və texnologiyanın tətbiqinə də geniş yer verilir. Bu ilin 8 ayında 25 quyuda quyudibi zona turşu ilə işlənilib, 60 quyuda tıxac təmizləyən qurğu, 2 quyuda isə Padus-2 parafin kəsici qurğu tətbiq olunub, nəticədə əlavə 1193 ton neft alınıb.
Hazırda NQÇİ-nin istismar quyu fondu 470-dir. Onlardan 442-si fəaliyyətdə olan quyu fonduna, 27-si fəaliyyətsiz fonda daxildir, 1 quyu isə mənimsəmədədir.