ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarında il ərzində mühüm elmi nəticələr əldə olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri institutun icraçı direktoru texnika elmləri doktoru, dosent Nizami Mürsəlov açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra neftlərin tədqiqi və yağların alınma texnologiyası, bioloji aktiv təbii maddələr, antimikrob təsirli reagentlər və biozədələnmələrin tədqiqi laboratoriyaları üzrə 2021-ci il üzrə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr və çap olunan məqalələr haqqında məruzələr dinlənilib.
Qeyd edək ki, cari ildə laboratoriyaların apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunub. Belə ki, Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyasında aparılan elmi tədqiqatların nəticəsi olaraq Bakı neftlərindən alınmış vakuum qazoylundan perspektiv tələblərə cavab verən dizel fraksiyası və katalitik krekinq üçün keyfiyyətli xammalın alınması məqsədilə keçid metalları ilə modifikasiya olunmuş yerli alümosilikat katalizatorunun iştirakında hidrokrekinq prosesi işlənib hazırlanıb.
Bioloji aktiv təbii maddələr laboratoriyasında isə Balaxanı yüngül nefti və yasəmən, ardıc bitkilərinin efir yağları əsasında kompozisiyalar alınıb və onların göbələklər, bakteriyalara qarşı yüksək antimikrob təsirə malik olduqları müəyyənləşdirilib.
Elmi şuranın iclasları pandemiya tələblərinə uyğun olaraq onlayn formada keçirilir.