ELM VƏ TƏHSİL


Neft-qaz geoloji rayonlaşdırma xəritəsinin yenilənməsi məsələsi müzakirə edilib

Bakı, 30 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsində növbəti elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Ekologiya və Təbii Sərvərlər Nazirliyinin, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbirdə Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun şöbə müdiri Namaz Yusubovun “Azərbaycanın depressiya zonalarının tektonik və neft-qaz geoloji rayonlaşdırma xəritələrinə yenidən baxılmasının zəruriliyi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Azərbaycanın neft-qaz-geoloji rayonlaşdırılması və neft-qaz potensialı xəritəsinin yenilənməsinin vacibliyini vurğulayıb. Müasir geoloji-geofiziki informasiyanın şərhini verərək diqqətə çatdırıb ki, “Azərbaycan SSR-nin neft-qaz yataqları və perspektiv strukturları” (1985), “Azərbaycan SSR-nin neft-qazlılıq potensialı” (1987) adlı xəritələrdən və onlara aid izahat kitabçalarından istifadə edilməklə tərtib olunmuş “Azərbaycanın neftli-qazlı ərazilərinin tektonik rayonlaşdırma xəritəsi” və “Azərbaycan ərazisinin neft-qaz-geoloji rayonlaşdırma və neftqazlılıq perspektivləri xəritəsi” məlumatlılıq baxımından vaxtında faydalı olsalar da, hazırkı texnika və qabaqcıl texnologiya şəraitində mütəxəssislərin tələblərinə tam cavab vermir. Bu xəritələrin tərtib edilməsindən ötən 20 il ərzində Xəzər dənizinin Azərbaycan sektoru yenidən, regional miqyasda, 2D seysmik profillər şəbəkəsi ilə (2,5 x 2,5 km) örtülüb. Azərbaycanın quru ərazisində innovativ texnologiyalardan istifadə olunmaqla xeyli sayda regional miqyaslı 2D seysmik profillər işlənib. Bütün bu faktlar və digər elmi-təcrübi tədqiqatların nəticələri müasir geoloji-geofiziki məlumatların ümumiləşdirilmiş nəticələri əsasında neft-qaz geoloji rayonlaşdırma xəritəsinin yenidən tərtib edilməsinin zəruriliyini göstərir.

Təqdimatla bağlı suallar cavablandırılıb və mövzu ətrafında alimlərin çıxışları dinlənilib.

Elmi seminarı yekunlaşdıran Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə təqdimatı müsbət qiymətləndirməklə yanaşı, tövsiyələrini də açıqlayıb. Bildirib ki, elmi seminarda müzakirə edilmiş mövzu diqqətəlayiqdir, lakin bu məsələnin reallaşdırılması üçün aidiyyəti olan mütəxəssislərlə birgə araşdırmalar aparıb konkret, dəqiqləşdirilmiş nəticələrə nail olmaq zəruridir. Müzakirəyə çıxarılan məsələnin multidisiplinar yanaşmada kompleks həlli Azərbaycanın neft-qaz sektorunun yüksək inkişafına yeni töhfələr vəd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.