REGİONLAR
Neftçalada ət istehsalı artıb
Neftçala, 8 yanvar, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.
Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 42 min 693 baş mal-qara və 138 min 282 baş qoyun-keçi saxlanılır.
Yola saldığımız 2020-ci ildə rayonun heyvandarlıq və quşçuluq təsərrüfatlarında 13 min 200,9 ton mal əti (diri çəkidə), 31 min 80,3 ton süd, 8 min 624,7 ton quş əti, 19 milyon 765 min ədəd yumurta, 290,5 ton isə yun istehsal olunub. 2019-cu ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 5, yumurta istehsalı 5,8, quş əti istehsalı isə 7,6 faiz çox olub.