REGİONLAR
Neftçalada modul tipli məktəb binaları quraşdırılır
Neftçala, 30 avqust, Mahir Babayev, AZƏRTAC
Son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunda da bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə ötən il rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlət başçısının Sərəncamı ilə bu il rayonda daha 7 modul tipli məktəb binasının quraşdırılması nəzərdə tutulub.
Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxdərə kəndlərində quraşdırılacaq. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Tikiləcək binalar üçün artıq kəndlərdə münasib yerlər ayrılıb və tikinti işlərinə başlanılıb. Artıq Pirəppə kəndində binanın tikintisi tam başa çatdırılıb. Qaraqaşlı kəndində isə tikilinin bünövrəsi tökülüb və quraşdırma işləri görülür.
Binaların tikintisi bu ilin sonunadək başa çatdırılacaq.