REGİONLAR
Neftçalada ötən il süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış 2657 baş buzov alınıb
Neftçala, 12 mart, Mahir Babayev, AZƏRTAC
Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 228 baş inək və düyədən cins tərkibi yaxşılaşdırılmış 2657 baş buzov alınıb. Bu da 2018-ci ildəkindən 502 baş çoxdur. Mayalanma aparılmış hər 100 baş inəyə 70 bala düşüb.
Süni mayalama yolu ilə alınan buzovlara görə maldarlara 265 min 700 manat subsidiya ödənilib.
Rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İlkin Əsgərovun dediyinə görə, süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur.