REGİONLAR
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Göyçayda vətəndaşlarla görüşəcək
Bakı, 10 oktyabr, AZƏRTAC
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də saat 12.30-da Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Eyni zamanda, zərurət yaranarsa, vətəndaşlar yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Göyçayda (02027) 42366, Mingəçevirdə (02427) 52999, Kürdəmirdə (02025) 51599, Ucarda (02021) 33777, Ağdaşda (02023) 55199 nömrəli telefonlara zəng etmək olar.