CƏMİYYƏT
Nəsimi rayonunda daha iki binada və həyətdə abadlıq işləri aparılır
Bakı, 28 iyun, AZƏRTAC
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq, rayonun Asif Məhərrəmov, 64 və 20 Yanvar küçələri 4/66 saylı binaların həyətində qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılaraq ərazidən çıxarılıb, yağış suları axıdan boru və navalçalar dəyişdirilib. Binanın həyətində olan istinad divarlarının beton konstruksiya ilə gücləndirilməsi işi aparılır.
Hazırda ümumi yaşayış binaların fasadının bərpası, rənglənməsi işləri aparılır. Blokların qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması, hər iki binanın dam örtüyünün əsaslı təmiri, eyni zamanda həyətə yeni bordürlərın, asfalt və tamet daşlarının vurulması, yeni işıqlandırma sisteminin çəkilməsi və sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgah, oturacaqlar və müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılması və minifutbol meydançasının yaradılması işləri davam edir.