CƏMİYYƏT
Nəsimi rayonunda əhalinin məşğulluq məsələlərinə həsr olunmuş “dəyirmi masa” keçirilib
Bakı, 18 may, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyəti və rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, tədbirdə 28 yerli və xarici müəssisənin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rayon Məşğulluq Mərkəzinin direktoru Emin Mahmudov 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramına uyğun olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyətın həyata keçirilməsi, işaxtaranların dövlət müəssisə və təşkilatlarındakı boş iş yerləri ilə təmin olunması barədə məlumat verib.
İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev öz çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması barədə verdiyi tapşırığa əsasən “Bakı Tikiş Evi” SC-də 150-yə yaxın məcburi köçkünün işlə təmin olunduğunu və bu işin gələcəkdə də davam etdiriləcəyini söyləyib.
Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək bazarı ilə işçi qüvvəsi arasındakı əlaqələri yaxşılaşdırmaq sahəsində dəyirmi masanın əhəmiyyətindən danışıb.
Tədbirdə məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə əməkdaşlığın davam etdirilməsi yolları müzakirə edilib, rayonun müəssisə və təşkilatlarında mövcud peşə və ixtisaslar üzrə boş iş yerləri barədə məlumatların Məşğulluq Mərkəzinə təqdim edilməsi zərurəti qeyd olunub.