CƏMİYYƏT
Nəsimi rayonunda keçirilən tədbirdə qadın sağlamlığının aktual məsələlərindən söhbət gedib
Bakı, 22 noyabr, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qadın sağlamlığı ilə bağlı maarifləndirmə” kampaniyası çərçivəsində tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat veriblər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva açaraq bildirib ki, əhalinin, o cümlədən qadın sağlamlığı məsələləri ölkə başçısının həmişə diqqət mərkəzindədir. Qəbul edilən Dövlət proqramları, sərəncam və tapşırıqlara əsasən səhiyyənin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidən qurulması, həmin müəssisələrin müasir tibbi avadanlıqlarla təchizatı məsələləri sağlamlığa göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova tədbir iştirakçılarına qadın sağlamlığı barədə geniş məlumat verib.
Sonra tədbir iştirakçılarının suallarına cavablar verilib.