ELM VƏ TƏHSİL
Nəsimi rayonunda yeni dərs ilinin ilk günü üçün maraqlı tədbirlər hazırlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Bilik günü Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində qeyd olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əlamətdar günlə bağlı rayonun orta məktəblərində hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanıb.
İ.Əfəndiyev adına Elitar Gimnaziyada keçirilən tədbirdə bildirilib ki, ötən tədris ilində bu təhsil müəssisəsini 63 şagird bitirib, bunlardan 25-i 500-dən, 14-ü isə 600-dən yuxarı bal toplayıb. Yeni tədris ilində məktəbin birinci siniflərində 260 şagird təhsil alacaq.
1 nömrəli tam orta məktəbdə də tədbir keçirilib. Məlumat verilib ki, məktəbdə 800 şagirdin təhsili ilə 72 müəllim məşğul olur. 2016-2017-ci tədris ilinin yekunlarına görə 62 məzunun 34-ü ali məktəblərə qəbul olunub. Yeni tədris ilində məktəbin birinci siniflərində 111 şagird təhsil alacaq.
Bilik gününə həsr olunan tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
A.Əsgərov qeyd edib ki, son illərdə qazanılan bütün uğurlar dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məktəblərimizdə təhsilin səviyyəsi, burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon icra hakimiyyətinin diqqət mərkəzində olub. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, ali məktəblərə daxil olan məzunların sayı ilbəil çoxalır.
Bildirilib ki, 2016-2017-ci tədris ilində rayonun orta məktəblərini 1685 şagird bitirib, onlardan 1206-sı tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 327-si 500-dən, 82-si 600-dən, 24-ü isə 650-dən çox bal toplayıb. Məzunlardan 234 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. 111 nömrəli tam orta məktəbin məzunu İlhamə Hüseynova 700 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunub. Ötən təhsil ilinin yekununa görə, Nəsimi rayonu üzrə 2 məzun qızıl medala, tələbə adını qazanmış 2 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Bilik günü rayonun digər məktəblərində də davam etdirilib.