REGİONLAR
Nəsiminin həyat və yaradıcılığı şagirdlər arasında təbliğ olunur
Naxçıvan, 12 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı” çərçivəsində keçirilən “Poeziya günü”ndə Naxçıvan şəhərinin məktəblilərinə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək deyib: İmadəddin Nəsiminin həyat və yaradıcılığının şagirdlər arasında təbliği və “Poeziya günü”nün keçirilməsi muxtar respublikada milli mədəniyyətə və incəsənətə həssas münasibətin göstəricisidir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində görkəmli şairin misilsiz xidmətləri olub. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoyan mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxış edərək “Mütaliə aylığı”nın mahiyyəti barədə danışıb.
Tədbirdə Naxçıvan şəhər 8 və 15 nömrəli tam orta məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəmilə Əliyevanın və Güllü Allahyarovanın çıxışları dinlənilib.
Sonra Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri şairin qəzəlini musiqi müşayiəti ilə bədii qiraət edib, görkəmli şəxslərin İmadəddin Nəsimi haqqında fikirləri səsləndirilib, Nəsimi haqqında film nümayiş olunub.
Qeyd edək ki, “Mütaliə aylığı” çərçivəsində Babək və Şərur rayonlarında da tədbirlər keçirilib.