İQTİSADİYYAT
“Netty2015” Milli İnternet Mükafatının nominantları müəyyən edilib
Bakı, 6 may, AZƏRTAC
“Netty 2015” Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən olunub. Virtual jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı-saytların ümumi sayından 40-dan çox resurs seçilib. Nominantların yekun siyahısı http://netty.az/az/nominants saytında yerləşdirilib.
Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, səsverməyə başlanılıb, mayın 20-də qaliblərin rəsmi mükafatlandırma mərasimi keçiriləcək. Nominasiyaya layiq bilinən bütün saytların nümayəndələri mərasimdə iştirak edəcəklər.
Qeyd edək ki, qaliblər "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə" və "İlin İT-hadisəsi" fəxri nominasiyalarda elan olunacaq. Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" nominasiyası üzrə qaliblər mükafatlandırılacaq. Müsabiqə Rabitə və Yüksək Texnologiyaları, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilir.
Qeyd edək ki, İnformasiya texnologiyaları bazarının inkişafı məqsədilə yaradılmış “Netty” bu sahədə Azərbaycanın birinci peşəkar mükafatıdır.