İQTİSADİYYAT
Niderland jurnalı: Azərbaycan qədim ticarət və nəqliyyat mərkəzidir
Haaqa, 1 aprel, AZƏRTAC
“Qlobal səfirlər jurnalı”nda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fikrət Axundovun “Azərbaycan qədim ticarət və nəqliyyat mərkəzi” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanın strateji coğrafi məkanda yerləşdiyi bildirilib.
Avropa ilə Asiya qitələrinin qovuşuğunda yerləşən ölkəmizin hələ qədimlərdən mühüm ticarət və nəqliyyat mərkəzi olduğu diqqətə çatdırılıb. Qərb və Şərq ənənələri və dəyərlərinin birləşdiyi Azərbaycanın qədim İpək yolunun üzərində yerləşdiyi bildirilib. Həmçinin ölkəmizin müxtəlif regionlarında qədim dövrdən qalan karvansaralar və onların rolu haqqında danışılıb.
Məqalədə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərindəki beynəlxalq nəqliyyat dəhlizləri, Bakı limanının iqtisadi imkanları, “Dəmir İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars dəmir yolu haqqında geniş məlumat verilib. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən olduğu vurğulanıb.
Yazıda Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonunun azad edilməsi, bunun nəticəsində Cənubi Qafqazda yeni yaranmış ticarət və tranzit imkanları haqqında da məlumat verilib, bunun region ölkələri arasında nəqliyyat və kommunikasiya xətlərinin bərpası, daha şaxələndirilmiş nəqliyyat dəhlizlərinin açılmasına xidmət edəcəyi diqqətə çatdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa