SİYASƏT
Niderlandda Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pislənib
Bakı, 16 sentyabr, AZƏRTAC
Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (CDA) Partiyasının və Elektron Sərhədlər Fondunun (EFF) Haaqadakı Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Veykhuys, Astrid Frey, Hege Knaven, Daniel Franken ilə videogörüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Anton Veykhuys Niderlanddakı Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Ermənistanın 1988-ci ildən ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətindən danışıb. Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsində Rusiya amili, Avropa ölkələrində ermənilərin ASALA terror təşkilatının adının yazıldığı geyimlərdə sərbəst gəzməsi, Avropa mediasında Dağlıq Qarabağ bölgəsi barədə birtərəfli və qərəzli məqalələrin dərc edilməsi kimi məsələlərə diqqət çəkən E.Mirhəşimli bildirib ki, müstəqil Azərbaycan dövləti beynəlxalq hüququn normalarına və qanunlara uyğun olaraq işğala son qoyulmasını tələb edir.
Ermənistan silahlı qüvvələrinin 12 iyul təxribatını xatırladan E.Mirhəşimli Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədinə xaincəsinə edilmiş hücumun ölkəmizdən Avropaya tranzit daşımaları yerinə yetirən qaz, neft və dəmir yolu xətlərini ələ keçirmək niyyəti güddüyünü bildirib. O deyib: “Nəticədə Azərbaycan ordusunun 12 hərbçisi və 1 mülki vətəndaş şəhid olub. Ermənistan sülhsevər deyil, təcavüzkar və işğalçı siyasət yürüdür. Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasını, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini tələb edirik. Biz istəyirik ki, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar yerinə yetirilsin”.
Azərbaycan Evinin rəhbəri Avropanın bir sıra ölkələrinin hələ də Ermənistanın işğalçı siyasətinə göz yummasını, faşist mahiyyətli bu təcavüzkar dövləti himayə etməsini yolverilməz hal adlandırıb.
Asrtid Freyin “Sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı?” suallarını cavablandıran həmvətənimiz bildirib: “Qarabağda neft və qaz kimi təbii sərvətlər yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu ərazilər bizim ata-baba torpaqlarımızdır. Ermənilər torpaqlarımızda bizimlə birlikdə yaşamaq istəmirlərsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına izin verə bilmərik. Hər hansı bir dövlətdə, məsələn, Niderlandda ermənilər toplum halında yaşayırsa, bu o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdırlar”.
Sonda Qarabağ həqiqətlərinin Niderland ictimaiyyətinə olduğu kimi catdırılması məqsədilə yerli siyasi, ictimai və media nümayəndələrinin Azərbaycan icmasının fikrini öyrənməsinin vacibliyi vurğulanıb. “Niderland siyasətçilərinin və media nümayəndələrinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimiz öyrənilməli, gerçəkliyi çatdırmaq üçün bizə də şərait yaradılmalıdır”, - deyə E.Mirhəşimli bildirib.