REGİONLAR
Niderlandın Milli Qəhrəmanının qızı: Azərbaycan mənim ikinci Vətənimdir VİDEO
Zaqatala, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
İkinci dəfə doğma Azərbaycanda, Zaqatalada, Muğanlı kəndində olmağımdan çox şadam və qürur hissi keçirirəm. Azərbaycan mənim ikinci Vətənimdir. Burada özümü evimdəki kimi hiss edirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun qızı Nansi (Nənəxanım) Məmmədova deyib.
Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşün onun və ailə üzvlərinin həyatında çox dərin iz buraxdığını vurğulayan xanım Nansi deyib: “Bu görüş həyatımızda heç vaxt unuda bilməyəcəyimiz ən xoşbəxt anlardan biri idi. Prezidentin Azərbaycanın digər vətəndaşları kimi, mənim atama, ailəmə dəyər verməsi, diqqət və qayğı göstərməsi bizi həddindən çox sevindirdi. Onlarla birgə çəkdirdiyimiz şəkil həyatımızda xoş bir xatirə kimi əbədi qalacaq”.
Zaqatalaya əvvəlki səfərindən 8 il vaxt ötdüyünü bildirən Nansi Məmmədova deyib ki, bu illər ərzində rayon çox dəyişib, Zaqatala şəhəri daha da gözəlləşib. Şəhərdə gözəl binalar tikilib, kəndlərə, eləcə də Muğanlıya asfalt yollar çəkilib.
Nansi Məmmədova vurğulayıb ki, Niderlandın Oistervijk və Azərbaycanın Zaqatala şəhərləri arasında əlaqələrin daha genişlənməsini arzulayır. “Burada olmağımızdan çox məmnunuq. Ümid edirəm ki, doğma Zaqatalaya tez-tez gələcəyik”, - deyə o bildirib.