DÜNYA
Nigeriya-Mərakeş sualtı qaz boru kəməri regionda təxminən 400 milyon əhalinin rifahını yaxşılaşdıracaq
Madrid, 16 sentyabr, AZƏRTAC
Nigeriya-Mərakeş sualtı qaz boru kəməri regionun təxminən 400 milyon əhalisinin rifahını yaxşılaşdıracaq yüksək strateji layihədir.
AZƏRTAC xəbər verir ki, bunu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS), Nigeriya və Mərakeş arasında qaz kəməri üzrə anlaşma memorandumunun imzalanması mərasimində Karbohidrogenlər və mədən sənayesi üzrə Milli Qurumunun (ONHYM) baş direktoru Əminə Benhadra deyib.
Onun sözlərinə görə, bu layihə 5 trilyon kubmetrdən çox təsdiqlənmiş təbii qaz ehtiyatlarının nəqlinə imkan verəcək. Qaz kəməri Afrikanın sosial-iqtisadi, sənaye və enerji sahələrində inkişafına xidmət edəcək çoxsaylı məqsədləri olan irimiqyaslı struktur layihədir. O, Afrikanın inteqrasiya olunmuş şimal-qərb zonasının yaradılmasına, Qərbi Afrikanın enerjiyə çıxışının sürətləndirilməsinə, eləcə də region ölkələrinin əhalisinin rifahı naminə elektrikləşdirmə sürətinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, bu ilin may ayında Nigeriya hakimiyyəti Mərakeşlə birlikdə uzunluğu 5660 kilometr olan dünyanın ən uzun sualtı qaz kəmərinin tikintisi planlarını təsdiqləyib. Hazırda mühəndis və tədqiqat işləri aparılır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid