Nihad Hacızadə: Azərbaycan vətəndaşı, gənci olmaqdan qürur duyuruq
AzerTAg.az

Bakı, 2 fevral, AZƏRTAC
Gənclər bu gün Azərbaycanın inkişafında, ictimai-siyasi həyatında, ölkədə keçirilən tədbirlərdə fəal iştirak edirlər. Bu ölkənin vətəndaşı, gənci olmaqdan qürur duyuruq. Bu qürur bizdə davamlı inkişafda olan, əsası Ulu Öndər Heydər ƏIiyev tərəfindən qoyulmuş, günbəgün inkişaf edən, bayraqları uca zirvələrdə dalğalanan güclü və sivil bir dövlətdə, doğma Azərbaycanımızda yaşamağımızdan irəli gəlir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) üzvü Nihad Hacızadə deyib.
Qeyd edib ki, dövlətin gələcəyi və inkişafı gənclərin sağlam düşüncəsindən bəhrələnir. “Gənclər cəmiyyətin həssas təbəqəsidir. Dövlətimiz gənclərin sağlam ruhda tərbiyə olunmaları üçün əlindən gələni edir. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən çox azərbaycanlı gənc xaricdə təhsil almaq imkanına sahib olmuşdu. Məhz həmin gənclər sonradan ali təhsilli mütəxəssis olaraq ölkəmizdə müxtəlif sahələrində bacarıqlı kadr kimi fəaliyyətə başladılar. Ölkəmizdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərimiz bu gün dünyanın ən nüfuzlu universitetdə oxuya bilir. Onların həm təhsil haqqı ödənilir, həm də hər ay bütün tələbatlarının qarşılaması üçün təqaüd verilir”.
Artıq bir ildən çoxdur ASAP-ın Türkiyədə fəaliyyət göstərən komandasında çalışdığını söyləyən gənc fəal deyib: “Məqsədimiz həmişə Vətənimizi layiqincə təmsil etməkdir. Mənə bu yolda Azərbaycanlı Tələbələr və Məzunlar Platforması hər zaman dəstək olublar. Bir il ərzində Türkiyənin Yalova şəhərindəki tələbələrlə silsilə görüşlərimiz olub. Həmçinin xarici tələbələrlə görüşlərdə daim ölkəmiz haqqında məlumatları onların diqqətinə çatdırmışıq. 8 Noyabr - Zəfər Günü, eləcə də 20 Yanvar faciəsi haqqında fotosərgi və tədbir həyata keçirmişik. Qarşıda Xocalı soyqırımı ilə bağlı tədbir keçirməyi nəzərdə tuturuq”.
Xəbərin mətnində orfoqrafik səhv var