REGİONLAR
Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir
Bərdə, 27 may, AZƏRTAC
Mütəfəkkkir şair Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. Onun ümumbəşəri mahiyyət daşıyan yaradıcılığı, bir-birindən dəyərli əsərləri səkkiz əsrdən artıqdır insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “XII əsrin söz Tanrısı” adlı onlayn tədbirdə səsləndirilib. Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirlinin moderatorluğu ilə keçən tədbirdə rayonun fəal gəncləri iştirak edib.
Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, təhsil şöbəsinin metodisti Aygün Xəlilova, Qaratəpə kənd tam orta məktəbinin müəllimi Savad Musayeva və başqaları çıxış edərək, Nizami Gəncəvi yaradıcılığından, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunmasının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, dahi şair Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi milli mədəniyyətimizə göstərilən diqqət və qayğının parlaq nümunəsidir.