SİYASƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri mükafatlandırılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmail Seragəldin Bolqarıstan Prezidentinin mükafatı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident sarayında keçirilən mükafatın təqdimat mərasimində Bolqarıstan Prezidenti Rosen Plevneliev, keçmiş Prezident Petar Stoyanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov, Azərbaycanın və Misirin bu ölkədəki səfirləri iştirak ediblər.
Bolqarıstan Prezidenti Rosen Plevneliev doktor İsmail Seragəldinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi önəmli fəaliyyətini vurğulayıb.
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin Sofiya Universitetinin Fəxri Doktorluq Diplomu ilə də təltif edilib.
Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bolqarıstan hökuməti və ictimai qurumlarla fəal əməkdaşlıq edir. Prezident Rosen Plevneliev Mərkəzin təşkil etdiyi üçüncü və dördüncü Qlobal Bakı forumlarına, təşkilatın Ali Səviyyəli toplantılarında iştirak edib.
Qeyd edək ki, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, keçmiş Prezident Georgi Pırvanov və keçmiş Baş nazir Petre Roman isə üzvləridir.