SİYASƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Pekində forum işə başlayıb

Pekin, 21 iyun, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Pekin Universitetinin, Azərbaycanın Çindəki səfirliyinin və Panqoal İnstitutunun birgə iştirakı ilə Pekində “Çinin beynəlxalq münasibətlərdə rolu: Bir kəmər, bir yol təşəbbüsünün perspektivləri” mövzusunda forum işə başlayıb.

İki gün davam edəcək forumda dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çinin beynəlxalq münasibətlərdəki rolu, qloballaşma proseslərinə təsiri, “Bir kəmər, bir yol” strategiyasının regional və dünya səviyyəsində əməkdaşlığa verə biləcəyi töhfələr və digər mövzular müzakirə olunur.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Mərkəzin İdarə Heyətinin üzvləri - Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, habelə Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Çexiyanın sabiq Baş naziri Yan Fişer və başqaları, Çinin nüfuzlu beyin mərkəzlərinin rəhbər şəxsləri, alimlər, tədqiqatçılar iştirak edir.

Forum çərçivəsində Çinin qloballaşan dünyada, dünya iqtisadi sistemində, qlobal təhlükəsizliyin təminatında, qlobal idarəetmədə iştirakına, “Bir kəmər, bir yol” startegiyasına həsr olunan panel müzakirələr aparılacaq.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.