ELM VƏ TƏHSİL


Nizami Gəncəvi milli mənsubiyyəti etibarilə türk oğlu türkdür

Nizami Gəncəvi milli mənsubiyyəti etibarilə türk oğlu türkdür

Bakı, 11 mart, AZƏRTAC

Gəncədə doğulub, ömrü boyu bu qədim türk yurdunda yaşayıb-yaradan və elə orada da əski “türk üsulu ilə”, yəni dədə-babalarının dəfn adətlərinə uyğun olaraq torpağa tapşırılan dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti, onun doğum yerinin hansı etnosa aidiyyəti haqqında əsassız iddialar irəli sürülür. Bu isə həmin iddialarla çıxış edənlərin ya ilkin mənbələrə bələd olmamasından, ya da mənbələri istədikləri kimi şərh etməsindən irəli gəlir.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə söyləyib.

Dosent Əzizağa Nəcəfzadə qeyd edib ki, hələ XX əsrin 40-cı illərində milli və əcnəbi alimlərin şairin fars əsilli Gəncə sakini olması fikrini təkzib etmək üçün onun öz əsərlərindən gətirdikləri tutarlı dəlillərə əsaslanan tədqiqatları bu gün də elmi əhəmiyyətini qorumaqdadır. Bu mövzuda son zamanlar dünyanın müxtəlif yerlərində elmi həqiqətləri ortaya qoyan materiallar dərc edilib, Azərbaycanda da yeni elmi araşdırmalar aparılıb, dissertasiya, monoqrafiya, elmi məqalələr yazılıb, maarifləndirici tədbirlər keçirilib. Qəti həllini tapmış bu məsələnin yenidən gündəmə gətirilməsi qərəzli məqsəd güdür.

Məlumdur ki, Nizami əsərlərini farsca yazıb. Lakin şairin məşhur “Xəmsə”sini farsca yazmasının səbəbi Şərq mədəniyyəti tarixindəki oturuşmuş ənənə ilə bağlı idi. Bu, Nizamini İran şairi adlandırmağa əsas vermir. Nizamidən öncə də türk əsilli olub, elitanın mədəni ünsiyyət dilində yazmaq fərdi hal deyildi. Şair özü də bundan şikayətlənib. O, “Yeddi gözəl” poemasının müqəddiməsində: “Türkcəmi bu həbəşdə almazlar, mütləq ləzzətli dovğa yeməzlər”, – deyib. Şairin “türkcə düşünüb, farsca yazdığını” “Xəmsə”dəki türkizmlər və türk dilindən edilən kalkalar da sübut edir.

Həmid Araslı özünün “Nizamidə xalq sözləri, xalq ifadə və zərbül-məsəlləri” məqaləsində bu haqda belə yazıb: “Nizami əsərlərini farsca yazmasına baxmayaraq, həmişə bir azərbaycanlı kimi düşünmüş, öz obrazlı ifadələrini həmişə xalqdan, canlı xalq dilindən almışdır”. Alim Nizaminin türk folkloruna məxsus atalar sözü və məsəllərdən istifadə etdiyini nümunələrlə də əsaslandırıb.

Məhəmməd Əmin Rəsulzadə, Cahan Ağamirov və başqaları “Xəmsə”də 118 türk sözünün işlədildiyini müəyyən ediblər. Görkəmli nizamişünas və dilçi alim Mənzərə Məmmədova “Nizami Gəncəvi dilinin leksik üslubu” adlı monoqrafiyasında şairin əsərlərinin dilini mötəbər lüğətlərlə müqayisə edərkən yazırdı: “...Nizami dilində alınma sözlər də kifayət qədərdir. Bu sözlərdən ən maraqlıları türk mənşəli sözlərdir. Əslində şairin öz ana dilinə məxsus olan bu sözlər məhz onun farsca yazdığı əsərlərində işləndiyindən alınma sözlər qrupuna daxil edilmişdir. Ümumiyyətlə, Nizami dilindən istifadə olunaraq yazılmış fars dili lüğətlərində, o cümlədən “Məcmə-ül fürs”də izah olunmuş türk mənşəli sözlərə bəzən Nizami beytləri misal verilir ki, bunlar türkologiya və şairin milliyyətinin əsaslandırılması baxımından qiymətli və maraqlı faktlardır”.

Nizami “türk oğlu türkdür” və onun başqa etnosa aid edilməsi fərziyyəsi isə özünü doğrultmur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin müdiri, nizamişünas alim Nüşabə Araslı “Nizami və türk ədəbiyyatı” monoqrafiyasında bu xüsusda yazır: “...türk ədəbiyyatşünası Əli Gəncəli müasir türk şairi M.F.Gürtüncanın “Leyli və Məcnun” tərcüməsinə yazdığı müqəddimədə Nizami əsərlərinin Ayasofyada rast gəldiyi qədim bir əlyazmasında belə bir beytə təsadüf etdiyini bildirir:

Mənim ata-babam türk idi,

Ağıl və hikmətdə hər biri bir qurd kimi idi”.

Bu qeyd də şairin milli mənsubiyyəti etibarilə türk oğlu türk olduğunu bir daha təsdiq edir.

“Bəli, “Bar verən ağaca daş atan çox olar”. Kim istəməz ki, dünyaşöhrətli Nizami Gəncəvi kimi bir dühaya sahiblənsin? Amma nə deyirlər, desinlər, Nizaminin ölməz irsi – “Xəmsə”dəki Azərbaycan-türk məişətinin geniş təsviri onun Azərbaycan türkü olmasını isbat edən ən tutarlı dəlildir”, - deyə dosent Əzizağa Nəcəfzadə fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.