CƏMİYYƏT
Nizami rayonunda 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də Nizami Rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamentinin sədri Rəfael Mehralıyev, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun təlim-tərbiyə müəssisələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə payız-qış mövsümünə hazırlığın daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qasımov payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon üzrə Tədbirlər Planının təsdiq edildiyini bildirib, xidmət sahələrinin mövsümə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin də Tədbirlər Planında nəzərdə tutulduğunu deyib.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verən Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov rayonda çoxmənzilli yaşayış binalarının giriş qapılarının, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələlərinin aidiyyəti təşkilatlar tərəfindən xüsusi diqqət mərkəzində saxlanıldığını bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov və Bakı Şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamentinin sədri Rəfael Mehralıyev dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planının hazırlandığını diqqətə çatdırıblar. Həmçinin şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı xüsusi proqramın hazırlandığını bildiriblər.
Müşavirəyə yekun vuran rayon icra hakimiyyətinin başçısı Arif Qasımov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü, mövcud vəziyyətin təhlil edildiyini və hazırlıq işlərinin gedişatı ilə bağlı hər hansı ciddi bir problemin olmadığını qeyd edib, sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyini vurğulayıb.