CƏMİYYƏT
Nizami rayonunda şəhid Murad Məmmədovun xatirəsi anılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Nizami rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədov Murad Elşən oğlunun anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Missiya Media Qrupunun rəhbərliyi və nümayəndələri, şəhidin doğmaları, şəhid anaları, rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
Əvvəlcə şəhid Murad Məmmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub, onun və şəhid olmuş digər Vətən oğullarının unudulmaz xatirəsi dərin ehtiramla anılıb.
Şəhidin yaxınları mərasimdə çıxış edərək onunla xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.