ELM VƏ TƏHSİL
Növbəti “Novruz mühazirəsi” keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uaytın “Dil və mədəniyyət” mövzusunda mühazirəsi dinlənilib.
Dil və mədəniyyətin qarşılıqlı təsir vasitələrindən danışan mühazirəçi burada dil amilinin yaratdığı ünsiyyət imkanları ilə mədəniyyətin özünütənqidetmə formulunun əsas rol oynadığını qeyd edib. E.Uayt tarixdən bir sıra misallar çəkərək kulturaloji mahiyyətin vacibliyindən danışıb və qloballaşan dünyada dil fenomeninin təsiredici gücünün böyük olduğunu söyləyib.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Fevraldan başlanan “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
Qeyd edək ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq “Novruz mühazirələri” keçirir. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı, postmodernizm və təhsil mövzularından bəhs ediblər.